Azərbaycanın ən qədim məscidi | Şamaxı cümə məscidi

Respublikamızın ərazisindəki ən qədim məscid Şamaxı Cümə məscididir. 743-cü ildə inşa edilib. Cənubi Qafqazda, Yaxın Şərqdə 734-cü ildə tikilən Dərbənd Cümə məscidindən sonra ən qədim dini ocaqdır.
Şamaxı Cümə məscidi memarlıq üslubu baxımından orijinallığı ilə də seçilir. İnşa olunduğu vaxtdan buraya müqəddəs ibadət yeri kimi yüksək ehtiram və diqqət göstərilib, qorunub saxlanılıb.

Şamaxı cümə məscidi

Tariximizdə xüsusi yeri olan ibadətgah

Məscid xəlifə Validin qardaşı, VIII əsrdə Şirvan və Dağıstanı fəth edərək bu ərazilərdə islam dinini yaymış Əbu Müslümün hakimiyyəti dövründə tikilib.
Şamaxı Cümə məscidi Azərbaycanın başı bəlalar çəkmiş qədim tikililərindəndir. Ayrı-ayrı dövrlərdə, müxtəlif vaxtlarda həm təbii fəlakətlər, həm də işğalçıların hücumları, basqınlar nəticəsində məscidə böyük ziyan dəyib.
Səlcuqların dövründə yaşamış tarixçi İmadəddin İsfahani Şirvanşahların 1123-cü ildən etibarən gürcülərin talançı basqınlarından müdafiə məqsədilə, yardım üçün səlcuqlu Sultan Mahmuda (1118-1131) müraciət etdiklərini yazıb. Məlumat verilib ki, onlar Şamaxı şəhərinə hücum edərək məscidi dağıdıb, minarəni uçurub və şəhərdə quldurluq ediblər.
XII əsrin axırında Cümə məscidinin ilk rekonstruksiyasına başlanılıb. Tədqiqatçılar bu fikirdədirlər ki, dəfələrlə xəsarətlər alan Şamaxı Cümə məscidinin tamamilə məhv olmamasının səbəbi III Böyük Mənuçöhrün (1098-1160) dövründə Şirvanşahların güclənməsi ilə əlaqədardır. Tarixçi-arxeoloq Q.Ciddi, qədim qaynaqlara istinadən, quruculuq işlərinə görə III Mənuçöhrün «Böyük xaqan» adlandırıldığını qeyd edib.
XVII əsrdə, Səfəvilərin dövründə məsciddə ikinci dəfə rekonstruksiya işləri aparılıb. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi vilayətin ən böyük ibadət ocaqlarından biri adlandırdığı bu məscidin Səfəvilər dövründə bəzi struktur dəyişikliklərinə məruz qaldığını bildirib.
1859-cu ildə baş vermiş güclü zəlzələ Şamaxı şəhərində böyük fəlakətlərə səbəb olub. Zəlzələdən sonra quberniya memarı Qasım bəy Hacıbababəyovun düzgün layihələndirməsi əsasında Şamaxı əvvəlki məhəlli planına uyğun bərpa edilib. Cümə məscidinin də növbəti yenidənqurmasına 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən sonra başlanılıb. Bu işlər 1860-cı ildə memar Qasım bəy Hacıbababəyov tərəfindən aparılıb. Rekonstruksiya rus rəssamı Qriqori Qaqarinin eskizləri əsasında həyata keçirilib.
O zamanlar Şamaxı şəhərinin baş memarı kimi fəaliyyət göstərən Qasım bəy Hacıbababəyov məscidin bərpasına rəhbərlik edib. Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və möhtəşəm görünüşü ilə şəhərin mərkəzində yenidən ucalıb. Ancaq qədim şəhər XX əsrin başlanğıcında yenə təbii fəlakətə məruz qalıb. 1902-ci ildə baş verən növbəti zəlzələ Şamaxıda ciddi dağıntılarla nəticələnib. Bütün yaşayış, dini və mülki tikililər demək olar ki, tamamilə dağılıb. Cümə məscidinə də böyük ziyan dəyib. «Kaspi» qəzetinin 1902-ci il tarixli, 215-ci sayında "Şamaxı" adlı məqalədə yazılıb: «Məscidin hətta dağıntıları da özünə hörmət hissi oyadırdı. Ayrılmış divarlar başqa tikililərdə olduğu kimi, parçalanmamış, onlar yıxılaraq bütöv bir daş kimi dururlar».
Şəhərə xüsusi komissiya tərəfindən baxış keçirilməsi zamanı Tiflisdən gələn geoloq şahzadə Şalkuli Qacar ərəb yazısı ilə müəyyənləşdirib ki, Cümə məscidi müsəlman tarixi ilə 123-cü ildə inşa edilib. Bununla da Şamaxı Cümə məscidinin miladi təqvimlə 743-cü ildə tikildiyi aydınlaşıb.

Şamaxı cümə məscidi

Təbii fəlakətlərin dağıtdığı, düşmənlərin yandırdığı məscid

1902-ci ildə baş verən dəhşətli zəlzələnin ağır nəticələri tədricən aradan qaldırılıb. Azərbaycanın qədim memarlıq tarixini əks etdirən şəhər xarabalıqlar içərisindən yenidən dirçəldilib.1903-cü ilin oktyabrında Cümə məscidinin bərpası üçün ianə toplamaq üzrə komitə yaradılıb. Yarıdağılmış məscidin qorunması kimi məsuliyyətli vəzifə həmin komitəyə həvalə olunub. Məscidin inşası üzrə komitə Cümə məscidinin yeni binası üçün layihə hazırlamağı Şamaxıda doğulmuş mülki mühəndis Zivər bəy Əhmədbəyova tapşırıb. Zivər bəy inşaat işlərinə başlayıb. Bir sıra işlər görülüb. Ancaq yan divarların inşası davam edərkən memarla komitə arasında anlaşılmazlıq yaranıb. İnşaat işləri dayandırılıb. Zivər bəy tikintini tərk etdikdən sonra komitə İosif Ploşkoya müraciət edib. O, Zivər bəy Əhmədbəyovun plan quruluşunu saxlamaqla memarlıq həllində öz variantını təklif edib.
Araşdırıcılar qeyd edirlər ki, müxtəlif Avropa və tarixi üslublardan istifadə edərək layihələr yaratmağa adət etmiş İosif Ploşko üçün bu adi bina deyildi. Şamaxı Cümə məscidinin layihələşdirilməsi zamanı o mövcud layihə və qismən aparılmış tikinti işləri ilə məhdudlaşdırılmayıb. O, Bakı və Şamaxının tikililəri ilə yenidən tanış olub, Şirvanşahlar Saray Kompleksinə, Bakı qalası minarələrinə diqqət yetirib. Beləliklə, İosif Ploşko 1909-cu ildə məscidin inşası üzrə komitəyə ustalıqla hazırlanmış layihə təqdim edə bilib.
Maliyyə vəsaitinin böyük olmaması məscidin tikintisini ləngidib. Xeyli işlər görülsə də onun, inşasını tamamlamaq mümkün olmayıb.
Ötən əsrdə Şamaxının planlaşdırılmasında və tikintisində Cümə məscidinin tarixi abidə kimi əhəmiyyəti qəbul edilib. Bu qədim ibadətgah Qafqazın ali hakimiyyət orqanlarının diqqət mərkəzində olub. General-leytenant Yermolov knyaz Mədətova məktubunda yazıb: "Ərzaqları böyük məsciddən başqa yerlərə təcili şəkildə daşımaq haqqında göstəriş vermək lazımdır. Zabit-mühəndisə təklif olunsun ki, təmir üçün lazım olan şeyləri aydınlaşdırıb dəqiq planlar hazırlasın və mənə göndərsin".
Ancaq təəssüf ki, yüzillər dağıdıcı müharibələrə, təbii fəlakətlərə sinə gərən Şamaxı Cümə məscidi XX əsrdə iki dəhşətli zərbəyə də məruz qalıb. Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə «Daşnaksütyun» partiyasının nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi zədələnmişdi. Bakıda yaşayan şamaxılıların General Tomsona verdikləri məlumata görə, "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır". Törədilən yanğın zamanı 1800 dinc sakin, eləcə də qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdir. Şamaxı Cümə məscidinin zəlzələdən sonra yenidən qurulmuş binasına əlavə olunmuş qədim kitabələr də yox olmuşdur. Memar Şamil Fətullayev-Fiqarov qeyd edib ki, «Tikilinin tarixinin müəyyənləşdirilməsi ilə bağlı təəssüfləndirici hal budur ki, 1918-ci ildə məscidin ermənilər tərəfindən yandırılması zamanı, bina üzərindəki qədim yazılı kitabə daşları məhv olmuşdur».
1920-ci ildə Azərbaycanı ələ keçirən sovet hakimiyyəti dövründə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Bu tarixi abidə dini ibadətgah kimi sonralar qapılarını yenidən açıb.


Dövlət tərəfindən qorunan tarix-memarlıq abidəsi 
2009-cu ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı Cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2010-cu ildən məscid kompleksi ərazisində bərpa işlərinə başlanılıb. Bərpa zamanı İosif Ploşkonun 1909-cu ildə işlədiyi restavrasiya layihəsinə əsaslanıblar. 1918-ci ildə törədilmiş yanğından sonra məscidin qorunmuş bütün hissələri saxlanılıb və kompleksə əlavə edilib. Bərpa işləri zamanı məscidin həyətində aşkarlanmış mədrəsə binası, hücrələr və qəbir abidələrinin ilkin görünüşü saxlanılıb.
Memar Şamil Fətullayev-Fiqarov qeyd edib ki, Azərbaycan memarlıq tarixində Şamaxı Cümə məscidinin əhəmiyyəti o qədər böyükdür ki, onun memarlıq, arxeoloji və elmi-tədqiqat baxımından diqqətlə öyrənilməsi bu qədim tikilinin tarixi haqqında dolğun təsəvvür yaratmağa imkan verir və həmçinin Şirvan-Abşeron memarlıq məktəbinin bir çox aspektlərini işıqlandırır. Restavrasiya zamanı Şirvan-Abşeron memarlıq məktəbinin inşaat ənənələrinin qorunmasına diqqət yetirilib. Şamaxının seysmik zona olduğu nəzərə alınıb.
2013-cü il mayın 17-də əsaslı bərpadan sonra Şamaxı Cümə məscidinin açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı digər dinlərin nümayəndələri iştirak ediblər.

Müəllif: Zöhrə Fərəcova
Mənbə: Azərbaycan qəzeti

 

0 şərh